Hall Hazırda oxuduqunuz xəbər
baslik

“Star” neft emalı zavodunun açılış mərasimi olub

Tarix: 20-10-2018 / 11:39 | Baxılıb: 125
yazıyı büyüt yazıyı küçült
“Star” neft emalı zavodunun açılış mərasimi olubOktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.

Prezidentlər terrasdan “Star” neft emalı zavodunun ərazisini seyr etdilər.

Dövlət başçıları idarəetmə ofisi ilə tanış oldular.

Prezidentlərə “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq.

“Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək.

Onu da deyək ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Bundan əlavə, “Star” neft emalı zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə qoyduğu ən böyük investisiya layihəsidir. Bu müəssisə Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Belə ki, o, Türkiyənin idxaldan asılılığını azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq.

“Star” neft emalı zavodunun açılış mərasimi olubXatırladaq ki, “Star” neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

“Star” neft emalı zavodunun açılış mərasiminin aparıcısı 6,3 milyard dollar dəyərində olan və bu gün reallaşan 4 nəhəng layihənin əhəmiyyəti haqqında ətraflı məlumat verdi.

Sonra layihənin əhəmiyyəti haqqında videoçarx nümayiş olundu.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev mərasimdə iştirak edən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Ulu öndər Heydər Əliyevin “Azərbaycan-Türkiyə dostluğu əbədi və sarsılmazdır” sözlərini xatırladan Rövnəq Abdullayev diqqətə çatdırdı ki, müxtəlif layihələrə yatırılan sərmayələr nəticəsində SOCAR Türkiyənin ən böyük investoruna çevrilib.

“Star” neft emalı zavodu haqqında və burada istehsal ediləcək məhsullar barədə danışan SOCAR-ın prezidenti yaxın gələcəkdə Petkimdə yeni əhəmiyyətli layihənin reallaşdırılmasına başlanılacağını qeyd edərək dedi:

-Bu gün açılışına toplaşdığımız layihələrin memarları olan və iştirakları ilə bizi şərəfləndirən prezidentlərimiz cənab İlham Əliyevə və cənab Rəcəb Tayyib Ərdoğana sonsuz minnətdarlığımı bildirirəm. Zati-alilərinin dəstəyi, himayəsi olmasaydı, bu layihəni daim diqqət mərkəzində saxlamasaydılar, dəyərli tövsiyələrlə bizə doğru yol göstərməsəydilər bu uğur qazanılmazdı.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyə-Azərbaycan dostluğunun və işbirliyinin rəmzi olan bu hadisənin önəmindən danışaraq iki ölkə arasında qardaşlığın möhkəm bağlara əsaslandığını vurğuladı. Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyi ilə ölkələrimizin enerji sahəsində əhəmiyyətinin daha da artdığını deyən energetika və təbii sərvətlər naziri “Star” neft emalı zavodunun verəcəyi faydanı qeyd etdi. Bu zavodun Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biri olduğunu deyən Fatih Dönməz həyata keçirilən layihələrin Azərbaycanın və Türkiyənin bölgədəki gücünü daha da artıracağını vurğulayaraq dedi:

- Böyük və güclü Türkiyə hədəfimizə gedən yolda Azərbaycanı yanımızda görmək bizi son dərəcə məmnun edir. Biz eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarıyıq. Həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzandı.

“Türkiyə və Azərbaycan birlikdə XXI əsrin enerji tarixini yazır”, - deyən Fatih Dönməz Azərbaycanın müstəqilliyinin 27-ci ildönümü münasibətilə təbriklərini də çatdırdı.

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak TANAP layihəsinin açılışından 4 ay sonra dünyaya örnək olacaq daha bir önəmli layihənin açılışına toplaşdıqlarını qeyd edərək, Türkiyə və Azərbaycan arasındakı dostluğu və birliyi dünya üçün nümunə adlandıraraq dedi:

- Bu gün burada yaranan mənzərə dünyanın içində olduğu bədbinliyə, qeyri-müəyyənliyə ən gözəl həll formasını təqdim edir. Dünya Türkiyə ilə Azərbaycan arasındakı dostluğu, birliyi örnək götürməlidir. Qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu bu mənzərə sayəsində çox aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım iki ölkənin ağıl, iradə və güc birliyi ilə reallaşan layihənin icrası münasibətilə təbriklərini çatdırdı, Türkiyə-Azərbaycan işbirliyinin əbədi olacağını vurğulayaraq dedi:

-Türkiyə-Azərbaycan münasibətlərini əbədiyyətə daşıyacaq bu və bu qəbildən ortaq layihələrimizlə qürur duyuruq. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP, “Star” neft emalı zavodu və buna bənzər böyük olduğu qədər də strateji əhəmiyyət daşıyan bu layihələr təkcə Azərbaycan-Türkiyə qardaşlığını inkişaf etdirmir, eyni zamanda, bütün Qafqazın, Orta Asiyanın və hətta Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verir. Ölkələrimizin iqtisadiyyatına böyük fayda verəcək neft emalı zavodunun İzmirimizə, Türkiyəmizə xeyirli-uğurlu olmasını diləyirəm.

Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının ən önəmli tərəfini, həmçinin qarşılıqlı yatırımların, dünya səviyyəli enerji və nəqliyyat sahələrində əməkdaşlığın təşkil etdiyini deyən Türkiyə Böyük Millət Məclisinin sədri ulu öndər Heydər Əliyevin, Türkiyənin və Azərbaycanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin imzaladığı sənədlərlə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndiyini vurğuladı.

Ölkələrimiz arasında 1991-ci ildən etibarən 200-dən çox müqavilə, protokol və digər sənədlər imzalandığını diqqətə çatdıran Binəli Yıldırım dedi:

-Mərhum Prezident Heydər Əliyevin, hörmətli Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə imzalanan bu müqavilələr əlaqələrimizi “Bir millət, iki dövlət” anlayışına bir addım da yaxınlaşdırıb. Bölgəmiz və dünya iqtisadiyyatı üçün də böyük əhəmiyyət kəsb edən bu əsərlər məhz iki ölkənin bu anlayışının nəticəsidir.

Açılış mərasiminin dəyərli bir ildönümü ilə üst-üstə düşdüyünü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə təsadüf etdiyini deyən Binəli Yıldırım bu münasibətlə bir daha təbriklərini çatdırdı.

Mərasimdə Azərbaycanın və Türkiyənin imza atdığı mühüm layihələr barədə videoçarx nümayiş etdirildi.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Mart 2019    »
BeÇaÇşCaCmŞbBz
 123
45678910
11121314151617
18192021222324
25262728293031

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ