Hall Hazırda oxuduqunuz xəbər
baslik

Mehriban Əliyeva Mükafatlandırıldı

Tarix: 22-01-2016 / 22:20 | Baxılıb: 865
yazıyı büyüt yazıyı küçült
Mehriban Əliyeva MükafatlandırıldıAzərtac xəbər verir ki, yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.
Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasının Lozanna şəhərində keçirilməsi təsadüfi deyil. Çünki bu şəhəri dünyanın “Olimpiya paytaxtı” adlandırırlar. 1894-cü ildə Pyer de Kuberten tərəfindən qurulan Beynəlxalq Olimpiya Komitəsinin mənzil-qərargahı və bir çox beynəlxalq idman federasiyalarının mərkəzi ofisləri Lozannada yerləşir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclasının keçirildiyi Beynəlxalq Olimpiya Komitəsinə gəldi.
Tədbirdə çıxış edən Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro Azərbaycanın birinci xanımını salamlayaraq onu bu mərasimdə görməkdən şad olduqlarını bildirdi. O, Azərbaycanın yüksək təşkilatçılığı ilə keçirilən birinci Avropa Oyunlarını Olimpiya Hərəkatı tarixində mühüm hadisə kimi dəyərləndirdi. Bu məsələdə böyük xidmətləri olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirən Pere MİRO dedi:
-Sizi evinizdə salamlamaq mənim üçün böyük şərəfdir. Bilirsiniz ki, bu, sizin eviniz, Olimpiya evidir. Beynəlxalq Olimpiya Komitəsi bu görüşə ev sahibliyi etməkdən olduqca məmnundur. Bu görüşün bizim hamımız üçün böyük əhəmiyyəti var. Çünki bu, böyük uğur qazanmış ilk Avropa Oyunlarının kulminasiyasıdır. Bu münasibətlə Avropa Olimpiya Komitələrini və Təşkilat Komitəsini təbrik edirəm. Bütün dünya bu Oyunların əhəmiyyətini və Azərbaycanın Oyunları yüksək səviyyədə keçirdiyini qəbul etdi.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Ali Ordenə layiq görülən Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tərcümeyi-halı barədə mərasim iştirakçılarına məlumat verdi. O, Mehriban Əliyevanın ictimai xadim kimi fəaliyyətindən danışdı, onun Milli Gimnastika Federasiyasının prezidenti kimi bir çox Avropa və dünya səviyyəli idman tədbirlərinin keçirilməsinə rəhbərlik etdiyini vurğuladı. Patrik Hikki dedi ki, Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi bir çox nəhəng layihələrin həyata keçirilməsinə rəhbərlik edib və dünyanın nüfuzlu mükafatlarına layiq görülüb. UNESCO və ISESCO-nun xoşməramlı səfiri olan Azərbaycanın birinci xanımı Fransa, Pakistan, Serbiya və Polşa prezidentləri tərəfindən ali dövlət mükafatları ilə təltif edilib. Bundan əlavə, Dünya Səhiyyə Təşkilatının mükafatına, “Qızıl ürək” beynəlxalq mükafatına və digər mükafatlara layiq görülən Mehriban Əliyeva 2012-ci ildə keçirilən “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri olub. Hazırda o, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədridir. Patrik Hikki onu da dedi ki, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə “Heydər Əliyev” ordeninə layiq görülən Mehriban Əliyevaya 2014-cü ildə Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasında Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı təqdim olunub.
Sonra Avropada idmanın inkişafına göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edildi.
Daha sonra birinci Avropa Oyunlarından bəhs edən filmin nümayişi oldu. Filmdə Oyunların açılış mərasimindən müxtəlif kadrlar göstərildi, idman yarışlarının keçirildiyi məkanlarda müşahidə olunan maraqlı anlar, qalib idmançıların sevincini əks etdirən görüntülər mərasim iştirakçılarına təqdim edildi. Filmdə birinci Avropa Oyunlarının bağlanış mərasiminə də yer verildi, Avropa tamaşaçılarının maraqla izlədiyi həmin anlar yenidən canlandı.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da iştirak edirdilər. Onu da deyək ki, bu mükafata indiyə qədər Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, London Olimpiya Oyunları Təşkilat Komitəsinin sədri Sebastyan Koe və digər nüfuzlu idman xadimləri layiq görülüblər.Mehriban Əliyeva Mükafatlandırıldı






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ