Hall Hazırda oxuduqunuz xəbər
baslik

"BDU-nun Salamı bu dünyaya “sağ ol” dedi" - Fikrət Şiriyevdən kədərli sözlər

Tarix: 08-04-2022 / 22:24 | Baxılıb: 111
yazıyı büyüt yazıyı küçült
"BDU-nun Salamı bu dünyaya “sağ ol” dedi" - Fikrət Şiriyevdən kədərli sözlərBakı Dövlət Universiteti (BDU) Həmkarlar İttifaqının sədri, dilçi alim Fikrət Şiriyev bu gün dünyasını dəyişən təhsil ocağının məşhur fotoqrafı Salam Muxtarov haqqında ürək sözlərini qeyd edib.

Vetenperver.info xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində paylaşım edərək fikirlərini belə ifadə edib:

"BDU-nun Salamı bu dünyaya “sağ ol” dedi".

Bir zamanlar Bakı Dövlət Universitetinin bir Salamı var idi... Hamının əzizi, hamının sevimlisi, bir nəfərin də xətrinə dəyməyən, böyüklə də, kiçiklə də hörmətlə davranan, heç nədən və heç kəsdən inciməyən, nə olursa olsun, həmişə üzündə təbəssüm, ürəyində xeyirxahlıq, əməllərində nəciblik... Çox çətin günlərini gördük, əyildiyini görmədik, məğrurluğundan sadəliyinə, qürurundan böyüklüyünə, peşəsinə vurğunluğundan az məvacibinin yaratdığı məhdudluğa kimi təzadların arasında öz nüfuzunu qoruyub saxlaya bilən nadir insan! BDU-da xüsusi hörmət sahibi olmaq, hamının səmimi sevgisini qazanmaq çox az-az adama qismət olur - Salam Muxtarov belələrindən idi. Sadə bir fotoqraflığı ilə çox dekandan, kafedra müdirindən, professordan hörmətli ola bildi. Qızların yanında şəkil çəkdirib həyəcanla pul axtaran tələbəyə “Sənin pulun çatıb”, deyib onu xəcalətdən qurtara bildi, avtobusa verməyə cibində pulu olmayanda heç kəsə bildirməyib uzaq evinə piyada getdi, “bir salama dəyməyən” mənsəb sahibləri ona “güldən artıq söz” deyəndə “min salamın savabına dəyən” bu insan uşaq kimi qızardı, ancaq ləyaqətini, şərəfini heç vaxt itirmədi. “Tərəzi olan” el gözü də onu bu keyfiyyətlərinə görə dəyərləndirdi, fərqli bir hörmətlə, sevgi ilə yaşayıb dünyanı yola verdi.

Deyirlər ki, "ağıllı adam o deyil ki, düsturları, teoremləri əzbərləyib elmi qazansın, ağıllı adam odur ki, insanlıq elminə vaqif olub elin rəğbətini qazana bilsin”. Salam belə adamlardan idi, arxasınca gözləri yaşlı, ürəkləri nisgilli qoyan, xalqın sevgisini qazanan, tanıyanların hamısını heyfsləndirməyi bacaran bir insan! Səninlə vidalaşmaq da çətindir, Salam! Allahın dərgahından gələn hikmətli adın səni ancaq salamlamaq üçün xəlq edilmişdi. Cənnətə gəlişini salamlayırıq, Salam!"

Salam dayı bu şəkli onun fotoları əsasında hazırlanmış "Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında" kitabının təqdimat mərasimində çəkdirib... (2015, may)

Yerin behişt olsun, Salam dayım!"

Qeyd edək ki, Salam Muxtarov keçmiş teleaparıcı, hazırda Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti Günel Gözəlovanın atasıdır. Mərhum bir neçə il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, doğulduğu Masallı rayonunda dəfn olunub.







Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2022    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ